Sadələşdirilmiş vergi qaytarılması üçün tələblər açıqlandı

16:59 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. İxracatçılar və sənaye, texnologiyalar parklarının rezidentləri üçün artıq ödənilmiş vergi məbləğlərinin sadələşdirilmiş qaydada geri qaytarılması mexanizmindən yararlanmaq şərtləri məlum olub.

Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin böyük dövlət vergi müfəttişi Fariz Salahov deyib ki, sadələşdirilmiş qaydada vergi məbləğlərinin geri qaytarılması mexanizmindən yararlanmaq üçün ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri müəyyən edilmiş uyğunluq meyarlarına cavab verməlidirlər.

Belə ki, vergi ödəyicisinin müvafiq fəaliyyət və ya rezidentlik statusu təsdiqlənməli, o, riskli vergi ödəyicisi hesab edilməməli, eləcə də riskli vergi ödəyicilərindən elektron qaimə-faktura əsasında mal, iş və yaxud xidmət əldə etməməlidir.

Bununla yanaşı, vergi ödəyicisi barəsində davam edən səyyar vergi yoxlaması olmamalı, qanunvericiliklə müəyyən edilmiş qaydada bütün vergi bəyannamələri vergi orqanına təqdim edilməli, həmin bəyannamələr üzrə əlavə vergi hesablanmasına səbəb ola biləcək risklər müəyyən edilməməlidir.

Digər mühüm meyar isə vergi ödəyicisinin bəyan etdiyi əməkhaqqı məbləğinin müvafiq orta aylıq əməkhaqqı göstəricisindən aşağı olmamasıdır.

F.Salahov vurğulayıb ki, müəyyən edilmiş meyarlara cavab verən ixrac fəaliyyəti ilə məşğul olan, sənaye və texnologiya parklarının rezidentləri olan vergi ödəyiciləri üçün artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması prosedurunun sadələşdirilməsi həm vaxt və resurslara qənaət edilməsinə, həm də vergi inzibatçılığının səmərəliliyinin artırılmasına şərait yaradır.