2027-ci ildə təhsil xərclərinə ayrılan büdcə 5,1 milyard manata çatdırılacaq

11:17 - 11.11.2026


11 noyabr, Fineko/abc.az. Azərbaycanda 2027-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 5 milyard 99 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapmış bu göstərici ümumi daxili məhsulun 3,6%-ni, büdcə xərclərinin isə 12%-ni təşkil edəcək.

2023-cü illə müqayisədə təhsil xərclərinin büdcədəki payı 0,7 faiz bəndi, mütləq ifadədə isə 974,2 milyon manat və ya 23,6% artırılıb.

Proqnozlaşdırılan vəsaitin 2 milyard 185,4 milyon manatı (42,9%-i) ümumi təhsil, 853,5 milyon manatı (16,7%-i) ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, 434,8 milyon manatı (8,5%-i) məktəbəqədər təhsil, 102,1 milyon manatı (2%-i) orta ixtisas təhsili, 115,4 milyon manatı (2,3%-i) peşə təhsili, 96,9 milyon manatı (1,9%-i) məktəbdənkənar təhsil müəssisələrinin xərclərinə, 25,6 milyon manatı (0,5%-i) əlavə təhsil və tətbiqi tədqiqatlara, 1 milyard 285,3 milyon manatı (25,2%-i) isə təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Sənəddə qeyd olunur ki, 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4 970 nəfər artaraq 148 950 nəfərə, təqaüd alanların sayının isə 6 190 nəfər artaraq 118 750 nəfərə çatacağı gözlənilir. Bu artımlar nəzərə alınaraq 2027-ci il büdcə layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və digər tədbirlər üçün 613 milyon manat vəsait proqnozlaşdırılır. Həmin məbləğin 422 milyon manatını təhsil xərcləri (cari illə müqayisədə 10 milyon manat və ya 2,4% çox), 184 milyon manatını təqaüd xərcləri (cari illə müqayisədə 7 milyon manat və ya 4% çox), 7 milyon manatını isə digər tədbirlər üzrə xərclər təşkil edəcək. Növbəti ildə gözlənilən artımlar birbaşa təhsilalanların və təqaüdçülərin sayının artması ilə bağlıdır.