“ING Group” Azərbaycanda inflyasiya üzrə proqnozunu yenilədi

10:25 - 11.11.2026


11 noyabr, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7%, 2027-ci ildə 5,4%, 2028-ci ildə isə 6% səviyyəsində olacağını proqnozlaşdırır.

Bankın qiymətləndirmələrinə əsasən, 2026-2027-ci illər üçün inflyasiya gözləntiləri əvvəllər dərc edilmiş göstəricilərlə müqayisədə dəyişməz saxlanılıb, 2028-ci il üzrə proqnoz isə 0,7 faiz bəndi artırılıb.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin yekunlarına əsasən ölkədə orta illik inflyasiya 5,6% təşkil edib, 2026-cı ilin yanvar-sentyabr aylarında isə bu göstərici 5,7%-ə çatıb.

Analitiklər 2026-cı ilin IV rübündə orta illik inflyasiyanın 5,7% (əvvəlki proqnoz 5,8% idi) olacağını bildirirlər. Bununla yanaşı, 2027-ci ilin I və II rüblərində inflyasiyanın 5,5%, III və IV rüblərində isə 5,4% səviyyəsində olacağı gözlənilir.

Müqayisə üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi orta illik inflyasiyanı 2026-cı ildə 5,7%, 2027-ci ildə 5,3%, 2028-ci ildə isə 4,8% həddində proqnozlaşdırır, Azərbaycan Mərkəzi Bankı isə oktyabr proqnozuna əsasən 2026-cı ildə illik inflyasiyanın 5,9% olacağını gözləyir.