Avropada yeni borc böhranı 2012-ci ildən də ağır ola bilər

11:37 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. "Franklin Templeton" investisiya şirkəti Fransa istiqrazlarının kəskin ucuzlaşmasının Avrozonada Yunanıstanda başlayan böhrandan daha ağır bir borc krizisinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Şirkətin Qlobal İnvestisiya Direktoru Sonal Desai bildirib ki, bazarlar "Avrozona Borc Böhranı 2.0" ssenarisinə hazır deyil və bu baş verərsə, nəticələri daha ağır olacaq.

Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi ilə Almaniya istiqrazları arasındakı fərq 1,5 faiz bəndini keçərək 2012-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb. İqtisadiyyatının həcmi 3 trilyon avro, borcu isə 3,6 trilyon avro olan Fransanın borc yükü Yunanıstanın o dövrdəki borcundan 10 dəfə çoxdur.

Bununla belə, ekspertlər Fransanın hələ də investisiya reytinginə malik olduğunu, bankların kapital strukturunun daha güclü olduğunu və Avropa Mərkəzi Bankının bazarları idarəetmə imkanlarının artdığını vurğulayırlar.