ABŞ və Mərkəzi Asiya ölkələri "C5+1" çərçivəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər

10:22 - 20.10.2026


20 Oktyabr, Fineko/abc.az. Səmərqənddə keçirilən "C5+1" formatındakı görüşün yekunlarına əsasən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri, eləcə də ABŞ-ın dövlət katibi birgə bəyanat imzalayıblar.

Sənəddə Mərkəzi Asiya dövlətləri ilə ABŞ arasında gələcək əməkdaşlığın əsas prioritetləri əks olunub.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinin, infrastruktura investisiya qoyuluşunun və nəqliyyat-ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Bu addımların Mərkəzi Asiya ilə ABŞ arasında qarşılıqlı ticarət və sərmayə axınını artıracağı, habelə sürətlə böyüyən bazarlarda yeni imkanlar açacağı gözlənilir.