Azərbaycan şirkətləri üçün yeni imkan: Tranzit prosedurları sadələşdirilir

12:13 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. “Dövlət Gömrük Komitəsinə “Ortaq Tranzit Konvensiyası”na qoşulmaq istiqamətində göstərdiyi səylərdə dəstək veririk”.

Bu fikirləri Beynəlxalq Ticarət və Ümumdünya Ticarət Təşkilatı üzrə baş ekspert Marius Bordalba Avropa İttifaqı -Azərbaycan Biznes forumunda deyib.

O bildirib ki, proses başa çatdıqda Azərbaycan şirkətləri bir sıra üstünlüklər əldə edəcəklər:

“Belə ki, onlar bir bəyannamə, bir zəmanət və vahid prosedur əsasında Bakıdan Ortaq Tranzit Ərazisinin istənilən təyinat məntəqəsinə – hazırda bu əraziyə 41 ölkə daxildir – daşımaları həyata keçirə biləcəklər. Bu, sərhədlərin daha sürətli keçilməsinə, proseslərin tam elektronlaşdırılmasına, zəmanət xərclərinin azalmasına və bərabər rəftar prinsipinin tətbiqinə imkan verəcək. Yəni bütün ölkələrdə eyni qaydalar, tələblər və limitlər tətbiq olunacaq. Bununla yanaşı, Konvensiya ilə müəyyən edilmiş hüquqi müəyyənlik, öhdəliklər, sorğular və tələblərlə bağlı mexanizmlər də təmin olunacaq”.

M.Bordalba vurğulayıb ki, noyabr ayında isə Dövlət Gömrük Komitəsi ilə birlikdə Gömrük Məcəlləsinə bu yaxınlarda edilmiş mühüm dəyişikliklərin tətbiqi ilə bağlı daha bir əsas fəaliyyətə başlanılacaq:

“Bundan əlavə, gömrük anbarları, gömrük nümayəndəliyi, gömrük ödənişlərinin təxirə salınması və hissə-hissə ödənilməsi kimi mühüm sahələrdə ikinci dərəcəli qanunvericiliyin hazırlanmasına dəstək göstərəcəyik”.