Gürcüstanın xarici ticarət dövriyyəsi və Azərbaycana ixracı artıb

10:56 - 21.10.2026


21 oktyabr, Fineko/abc.az. Gürcüstan Milli Statistika Xidmətinin (“GeoStat”) məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 6,9% (36,4 milyon dollar) artaraq 566,7 milyon ABŞ dollarına çatıb (ötən ilin eyni dövründə 530,3 milyon dollar).

Artıma baxmayaraq, Azərbaycanın Gürcüstanın ümumi ixracındakı payı 10,3%-dən 9,2%-ə enib. Hesabat dövründə Gürcüstanın əsas ixrac tərəfdaşları sırasına Qırğızıstan (650,2 milyon dollar) və Çin (583,1 milyon dollar) başçılıq edib, Azərbaycan isə üçüncü yeri tutub.

Ölkənin ümumi xarici ticarət dövriyyəsi 9,2% artaraq 20,54 milyard dollara, ixracı 19,6% artaraq 6,15 milyard dollara, idxalı isə 5,3% artaraq 14,38 milyard dollara yüksəlib və 8,23 milyard dollar ticarət kəsiri yaranıb.

Əsas idxal tərəfdaşları Türkiyə (2,19 milyard dollar), Çin (1,75 milyard dollar) və ABŞ (1,72 milyard dollar) olub.

Gürcüstanın xarici ticarətində minik avtomobilləri liderliyini qoruyub; belə ki, 1,53 milyard dollarlıq avtomobil ixrac edilib (ümumi ixracın 24,9%-i) və 2,65 milyard dollarlıq avtomobil idxal olunub (ümumi idxalın 18,4%-i). İxracda neft məhsulları (811,8 milyon dollar) və qiymətli metal filizləri (464 milyon dollar), idxalda isə neft məhsulları (1,41 milyard dollar) və qablaşdırılmış dərmanlar (526,8 milyon dollar) üstünlük təşkil edib.