Azərbaycanda rəqəmsallaşma və yaşıl enerji sahəsində yeni standartlar qəbul ediləcək

11:42 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Azərbaycan 2026-cı il yanvarın 1-dən Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) assosiativ üzvü seçilib. Bu üzvlük milli standartlaşdırma sisteminin beynəlxalq texniki bilik və təcrübə mübadiləsində iştirak imkanlarını genişləndirir.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

İlqar Həsənov vurğulayıb ki, IEC ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara çıxış, texniki komitələrin fəaliyyətində iştirak və beynəlxalq təcrübənin öyrənilməsi ölkəmizdə müvafiq sahələrin inkişafına mühüm töhfə verəcək:

"Qarşıdakı dövrdə standartlaşdırma sahəsində fəaliyyətin ölkənin iqtisadi prioritetləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və enerji səmərəliliyi sahələrində yeni standartların qəbul edilməsi və təşviqi planlaşdırılır.

Agentlik standartların əlçatanlığının təmin edilməsi və təşviqi ilə onların dövlətə, cəmiyyətə, sahibkarlığa və ölkə iqtisadiyyatına töhfə verməsi üçün tədbirlərin görülməsini davam etdirəcək".

Müəllif: Elmir Muradov