Qeyri-neft-qaz ixracında daşınma xərclərinin 70%-dək hissəsi dövlət tərəfindən qarşılanacaq

12:30 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. III Milli Rəqabət Forumunda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin 70%-dək hissəsinin qarşılanması və KOB-ların gömrük ödənişlərinin bir hissəsinin kompensasiya edilməsi nəzərdə tutulur.

Hazırda Naxçıvandan ölkənin digər ərazilərinə malların daşınma xərclərinin 70%-i ödənilir, regional kredit faizlərinin yarısı subsidiyalaşdırılır, işğaldan azad edilmiş ərazilərdə 90%-dək, digər regionlarda isə 50%-dək dövlət zəmanəti verilir.

2027-ci ildən obyektlərin elektrik şəbəkəsinə qoşulma haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, 2029-cu ilədək uzadılan investisiya təşviqi mexanizmi çərçivəsində isə sentyabrın 1-dək 528 sahibkara 633 sənəd verilib.

Cari ilin ilk 8 ayında Azərbaycan Biznesinin İnkişaf Fondu 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb, 2026-cı ilin yanvar-sentyabr aylarında isə qeyri-neft-qaz ixracı 17,4% artaraq 2,8 milyard dolları ötüb.