Azərbaycanda elektrik enerjisi istehsalı 2,3% azalıb, bərpaolunan mənbələrdən hasilat kəskin artıb

16:20 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 19 milyard 452,5 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 9,5% azalma deməkdir.

Ümumi istehsalın azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələri üzrə yüksək artım dinamikası qeydə alınıb. Belə ki, külək elektrik stansiyalarında istehsal 27,1 dəfə artaraq 841,3 milyon kilovat-saata, Günəş elektrik stansiyalarında 10,1% artaraq 533,2 milyon kilovat-saata, su elektrik stansiyalarında isə 15% artaraq 2 milyard 739,5 milyon kilovat-saata çatıb.