Azərbaycanın xaricdən ət idxalı artıb

16:06 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın xaricdən həyata keçirdiyi ət idxalında həm fiziki həcm, həm də dəyəri baxımından artım qeydə alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 2025-ci ilin ilk 9 ayında 75,77 milyon ABŞ dolları təşkil edən ət idxalının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 18% artaraq 89.37 milyon ABŞ dollarına çatıb.

Xaricdən ölkəyə gətirilən ətin fiziki həcmində də artım müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 33 320.97 ton ət idxal edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 14% artaraq 37 939.03 ton təşkil edib.

Ətin ümumi idxaldakı xüsusi çəkisi 2025-ci ilin ilk 9 ayındakı 0.45%-dən 2026-cı ildə 0.67%-ə yüksəlib.

İdxal olunan ətin fiziki həcmi ilə yanaşı dəyərinin də artması fonunda, 1 ton ətin orta idxal qiyməti təxminən 2,274 dollardan 2,355 dollara yüksəlib.