Azərbaycanda illik inflyasiya 5,7% təşkil edib

11:34 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb.

AMB-nin faiz dəhlizinin parametrləri üzrə qərarında illik inflyasiyanın hədəf diapazonu daxilində olduğu və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət etdiyi qeyd olunub.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7% təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Avqust ayında illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2%, ödənişli xidmətlər üzrə 5%, qeyri-qida məhsulları üzrə isə 3,7% təşkil edib. İllik baza inflyasiyası isə 5,1% olub.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Bununla yanaşı, qlobal geosiyasi qeyri-müəyyənlik, enerji və ərzaq qiymətlərinin artması, eləcə də xarici qiymət təzyiqlərinin daxili bazara ötürülməsi risklərinin davam etdiyi bildirilib.