EBRD-nin Azərbaycandakı kredit portfeli 879 milyon avro təşkil edib

10:23 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il avqustun 31-nə 879 milyon avro (1 718 445 000 AZN) dəyərində qiymətləndirilir.

İyulun 31-i ilə müqayisədə portfel 1,01% və ya 9 milyon avro azalıb. Hazırda ölkədə bankın 35 aktiv layihəsi mövcuddur.

Məlumata görə, portfelin 41%-i özəl sektorun payına düşür. Vəsaitlərin əsas hissəsi — 90%-i (787 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 7%-i (63 milyon avro) maliyyə institutlarının kreditləşdirilməsinə, 3%-i (29 milyon avro) isə korporativ sektora ayrılıb.

Ümumilikdə EBRD indiyədək Azərbaycanda 202 layihəyə 3,699 milyard avro sərmayə qoyub. Bankın ölkədəki əməliyyat aktivləri isə aylıq 0,56% artaraq 719 milyon avroya çatıb.

Xatırladaq ki, 2025-ci ildə EBRD Azərbaycanda 81 milyon avroluq 10 layihəni maliyyələşdirmişdi.  (C) Report