"SoftBank" "OpenAI" investisiyası üçün 11 milyard dollardan çox istiqraz buraxır

10:55 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Yaponiyanın "SoftBank Group Corp" texnologiya nəhəngi "OpenAI" şirkətindəki payını maliyyələşdirmək məqsədilə cəmi 11 milyard dollardan (18 870 000 000 AZN) çox böyük həcmdə istiqraz emissiyasına başladığını elan edib.

Emissiya şərtlərinə (term sheet) əsasən, bura 10 milyard dollar təşkil edən dollar istiqrazları və 1 milyard avro ($1,1 mlrd) dəyərində avro istiqrazları daxildir.

Cəlb olunan vəsait Oktyabrın 1-də bağlanması gözlənilən "OpenAI" tərəfdaşlığının üçüncü tranşı üzrə 10 milyard dollarlıq ödənişin həyata keçirilməsinə və daha əvvəl götürülmüş eyniadlı körpü kreditinin  bağlanmasına yönəldiləcək.

 "Citigroup" və "JPMorgan" investisiya banklarının  çıxış etdiyi buraxılış üzrə qiymətləndirmə sentyabrın 24-də, yekun hesablaşmalar isə sentyabrın 29-da baş tutacaq.