Türkiyənin bank sektorunda depozitlər 670 mlrd dollara, kredit həcmi isə 555 mlrd dollara  çatıb

13:00 - 18.07.2026


18 iyul, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) həftəlik pul və bank statistikasına əsasən, iyulun 10-u ilə bitən həftədə ölkənin bank sektorunun ümumi depozit bazası əvvəlki həftəyə nisbətən 0,3% (85,8 milyard lirə / təxminən 1,82 milyard dollar) artaraq 31 trilyon 458 milyard lirəyə (təxminən 670 milyard dollar) yüksəlib.

Hesabat dövründə türk lirəsi (TL) cinsindən olan depozitlər 1,1% artımla 17,2 trilyon lirəyə (təxminən 366 milyard dollar) çatdığı halda, xarici valyuta (YP) depozitləri demək olar ki, dəyişməyərək 10,1 trilyon lirə (255,6 milyard dollar) səviyyəsində stabil qalıb.

TCMB də daxil olmaqla, bank sektorunun ümumi kredit həcmi isə sözügedən həftədə 68,6 milyard lirə artaraq 26 trilyon 119,7 milyard lirəyə (təxminən 555,7 milyard dollar) çatıb, daxili bazarda yerli sakinlərin istehlak kreditləri isə cüzi (0,1%) azalaraq 6,6 trilyon lirə (təxminən 140 milyard dollar) təşkil edib.