15:19 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi və Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti (KFIS) arasında "Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması"na dair Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, sənədə nazir müavini Himalay Məmişovun KFIS nümayəndə heyəti ilə görüşündə imza atılıb.
Görüşdə Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar, bu sahədə Cənubi Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunub. Bildirilib ki, layihə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.
H.Məmişov dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiyanın ölkədə aparılan institusional islahatların mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlığın konkret nəticələr, bilik və texnologiya transferi, institusional potensialın artırılması və müasir rəqəmsal dövlət maliyyəsi idarəetmə modelinin formalaşdırılması istiqamətində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026