Türkiyə naziri: "İraq-Ceyhan kəməri ilə bağlı 12 aylıq müqavilə son mərhələdədir"

21:08 - 9.07.2026


9 iyul, Fineko/abc.az. İraq-Türkiyə xam neft boru kəməri ətrafında yaranmış məsələlər öz həllini tapır və yaxın günlərdə tərəflər arasında yeni saziş imzalanacaq.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraqın paytaxtı Bağdada rəsmi səfəri çərçivəsində bu ölkənin neft naziri Basim Məhəmməd Hüdeyilə keçirdiyi görüşdən sonra bəyan edib. Nazir bildirib ki, İraqdan Ceyhan limanına neft axını davam edəcək və bu prosesi tənzimləyəcək növbəti 12 ayı əhatə edən yeni müqavilə artıq son mərhələyə gətirilib.

Görüşdə neft və təbii qaz sahələrində əməkdaşlıq perspektivlərini qiymətləndirdiklərini deyən A.Bayraktar əlavə edib: “Mövcud infrastrukturun ən səmərəli şəkildə istifadə edilməsi enerjidəki ortaq baxışımızın əsasını təşkil edir. Bu layihələr çərçivəsində «İnkişaf Yolu» layihəsini yalnız ticarət və nəqliyyat koridoru olaraq deyil, həm də regional enerji xəttinə çevirməyi hədəfləyirik”.