“SpaceX”in bazar dəyəri 600 milyard dollar azalıb — Səhmlər kəskin ucuzlaşır

11:59 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Dünyanın ən böyük aerokosmik şirkətlərindən olan "SpaceX"in səhmləri, tarixində ilk dəfə investisiya səviyyəli istiqrazların buraxılacağını elan etdikdən sonra ardıcıl üçüncü gün də ucuzlaşıb.

ABC.AZ "Bloomberg"ə istinadən xəbər verir ki, bazar ertəsi günü şirkətin səhmləri 16% kəskin geriləyərək 154,60 dollara düşüb. Üçgünlük ümumi azalma dinamikası 23%-ə çatıb və bu müddətdə şirkətin kapitallaşmasından 600 milyard dollardan çox vəsait silinib. Hazırda kosmik nəhəngin ümumi bazar dəyəri 2 trilyon dolların bir qədər üzərindədir.

Qeyd olunur ki, 75 milyard dollarlıq ilk kütləvi təklifdən (IPO) sonra qeydə alınan bu dalğalanmaya rəğmən, qiymətlər hələ də IPO dövründəki 135 dollarlıq başlanğıc qiymətindən 15% yuxarıdır və pərakəndə investorların marağı güclü olaraq qalır. Digər tərəfdən, "KeyBanc Capital Markets" investisiya bankı "SpaceX" səhmlərini "tut" (neutral) tövsiyəsi ilə izləməyə başlayıb və uzunmüddətli artım potensialının artıq mövcud qiymətdə əks olunduğunu bildirib.