15:31 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 20 lisenziya verib.
ABC.AZ-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.
Bundan başqa, 5 ay ərzində Naxçıvanda müvafiq qurumlarının verdiyi 2 665 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 59,4 min manat vəsait daxil olub.
Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 113 layihə icra olunub. Bu layihələrdən 24-ü yeni yaradılma, 89-u isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 34-ü yaradılma və 59-u genişləndirmə olmaqla, ümumilikdə 93 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. Bəhs olunan dövrdə Naxçıvanın Sahibkarlığın İnkişafı Fondu 100 layihənin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli dövlət maliyyə dəstəyi göstərib.