Sənədsiz evlər hazırda bazar dəyərindən 20-30 faiz aşağı qiymətə satılır – Deputat

12:01 - 19.06.2026


19 iyun, Fineko/abc.az. Boşanma zamanı tərəflər mənzil üzərində hüquqi iddia irəli sürməkdə çətinlik çəkirlər.

ABC.AZ xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.

O qeyd edib ki, sənədsiz evlər hazırda bazar dəyərindən 20-30 faiz aşağı qiymətə satılır, banklar tərəfindən girov kimi qəbul edilmir.

“Nəticədə vətəndaş öz evini kapitala çevirərək kiçik biznes qurmaq imkanından məhrum olur. Başa düşürəm ki, bu, çox mürəkkəb və məsuliyyəti ağır olan məsələdir. Riskli tərəfləri də kifayət qədərdir. Lakin sənədsiz evlərlə bağlı dünya təcrübəsi, o cümlədən Türkiyə təcrübəsi mövcuddur. Türkiyədə “İmar Barışı” proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi həcmində ilkin ödəniş etməklə çıxarış alıb. Biz də buna bənzər təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji təyinatlı torpaqlarda yerləşən, eləcə də mübahisəli statusa malik evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımıza, o cümlədən dövlət büdcəsinə milyardlarla manat həcmində əlavə və davamlı dəyər qazandıra bilər. Ona görə də təklif edirəm ki, sənədsiz evlərlə bağlı Şəhərsalma və Memarlıq İlində amnistiya elan olunsun. Bununla bağlı xüsusi dövlət proqramı qəbul edilsin və məsələ mərhələli şəkildə həllini tapsın”.