Bu amil Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyinin artırılmasına kömək edəcək

17:29 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Azərbaycan daha keyfiyyətli birbaşa xarici investisiyaların cəlbi üçün dövlət dəstəyi mexanizmləri gücləndirilir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

O qeyd edib ki, daha keyfiyyətli investisiya effektiv dövlət dəstəyi mexanizmləri tələb edir:

"Son illər Azərbaycan vergi-gömrük güzəştləri, dövlət-özəl tərəfdaşlığı mexanizmləri, ixracın təşviqi alətləri, güzəştli maliyyələşdirmə və sahibkarlığa hədəfli dəstək vasitəsilə investisiya ekosistemini təkmilləşdirməyə davam edib. Prezident İlham Əliyevin son fərmanlarə bu istiqaməti daha da gücləndirir. Qeyri-neft-qaz ixracının stimullaşdırılması və nəqliyyat xərclərinin dəstəklənməsi üzrə tədbirlər ixracatçıların yeni bazarlara çıxmasına və Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyinin artırılmasına kömək edəcək. Eyni zamanda, kredit zəmanəti və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi bizneslərin, xüsusən də regionlarda maliyyəyə çıxış imkanlarını genişləndirəcək. Birlikdə götürüldükdə, bu tədbirlər bizneslərin böyüməsinə, ixrac etməsinə, investisiya qoymasına, innovasiyalar tətbiq etməsinə və dəyər zəncirlərinə daha fəal inteqrasiya olunmasına kömək etmək məqsədi daşıyır".