15:44 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Ələt AİZ-in əsas üstünlükləri sırasında onun Bakı Beynəlxalq Dəniz Limanına yaxınlığı, eləcə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsini vurğulayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
O qeyd edib ki, bu strateji coğrafi mövqe rezidentlərə geniş nəqliyyat və logistika imkanlarından yararlanma şəraiti yaradır.
Bundan əlavə, yerli yükdaşıma şirkəti "Silk Way Airlines" ilə əldə edilmiş razılaşmaya əsasən Ələt zonasının ərazisində yük aeroportunun tikintisi artıq başlanıb.
"Ehtimala görə, bu, azad iqtisadi zona daxilində inşa olunan ilk yük aeroportlarından biri olacaq və gələn il istismara verilməsi planlaşdırılır. Yük aeroportunun qurulmasının əsas məqsədi zonada fəaliyyət göstərən müəssisələrə dəniz, avtomobil və dəmir yolu nəqliyyatı ilə bərabər, hava yükdaşıma xidmətlərindən də istifadə imkanı təqdim etməkdir. Bu, xüsusilə yüksək texnologiyalar sahəsində çalışan şirkətlər üçün əlavə perspektivlər açacaq. Belə ki, müasir logistik infrastruktur olmadan bu cür şirkətlərin analoji zonalara cəlb olunması olduqca çətindir", - Zonanın İdarə Heyətinin sədri bildirib.