Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir - Nazir

16:28 - 17.06.2026


17 iyun, Fineko/abc.az. Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlıq Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində real nəticələr verməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Nazir bildirib ki, Azərbaycan nümunəsi bu əməkdaşlıq formatının nə qədər operativ işlədiyini nümayiş etdirir:

"Nəticələr gözlədiyimizdən daha sürətli əldə olunur. Hətta bu günlərdə konkret layihələr üzrə sənədlər imzalanır və icraya yönəldilir. Söhbət tullantıların emalı müəssisələri, avtomobil yolları və digər infrastruktur layihələrinin maliyyələşdirilməsindən gedir".

M. Cabbarov vurğulayıb ki, İsDB təkcə maliyyə institutu deyil, həm də müxtəlif tərəfləri bir araya gətirən mühüm əməkdaşlıq platformasıdır:

"Bu platforma çərçivəsində formalaşan əlaqələr yeni layihələrin və tərəfdaşlıqların yaranmasına əlavə imkanlar yaradır. Çoxtərəfli inkişaf banklarının hər hansı ikitərəfli əməkdaşlıq prosesində iştirakı layihələrin keyfiyyəti, etibarlılığı və məsuliyyət səviyyəsinə əlavə təminat verir. Beynəlxalq maliyyə institutlarının iştirakı tərəflər arasında etimadı artırır və yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır".

©Report