Azərbaycanda əlvan metal mis konsentratı istehsalı kəskin artıb

14:45 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Azərbaycanda əlvan metal mis konsentratı istehsalı və ixracında kəskin artım qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 10.14 min ton mis konsentratı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.1 dəfə çoxdur. İyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 6.36 min ton hazır məhsul ehtiyatı formalaşıb.

Gömrük statistikasına əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycandan 40.72 min ton mis filizləri və konsentratları ixrac olunub. İxracın dəyəri 87.98 mln. dollar təşkil edib. Ötən ilin eyni dövründə isə ölkədən 5.17 min ton məhsul ixrac edilmiş və bunun dəyəri 6.99 mln. dollar olmuşdu. Beləliklə, mis filizləri və konsentratlarının ixrac həcmi illik müqayisədə 7.9 dəfə, ixrac gəlirləri isə 12.6 dəfə artıb.

Hesablamalara görə, 2026-cı ilin ilk 4 ayında ixrac olunan mis filizləri və konsentratlarının orta qiyməti hər ton üçün 2 160.62 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1 351.52 dollar olub. Nəticədə orta ixrac qiyməti bir il ərzində 59.9% yüksəlib.

Cari ilin ilk 4 ayında mis filizləri və konsentratlarının əsas alıcısı Gürcüstan olub. Bu ölkəyə 39.96 min ton məhsul ixrac edilib ki, bu da ümumi ixracın təxminən 98%-nə bərabərdir. İsveçrəyə isə 762.1 ton məhsul göndərilib. Ötən ilin eyni dövründə ixrac coğrafiyasında Gürcüstan, İsveçrə və Özbəkistan yer almışdı.