Dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir - İsDB nümayəndəsi

11:01 - 16.06.2026


16 iyun, Fineko/abc.az. İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənarda qalıb.

ABC.AZ xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Şimali Afrika və Mərkəzi Asiya üzrə Regional Meneceri - departament rəhbəri İdrissa Dia Bakıda keçirilən IsDB Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.

O bildirib ki, bu gün müzakirə etdiyimiz mövzu xüsusi diqqət tələb edir.

"Hazırda 57 üzv ölkəmizdə tarixin ən böyük gənc nəsli yaşayır. Bu, yük deyil, əksinə, düzgün dəyərləndirilməli olan böyük potensialdır. Biz gənclərin transformasiya gücündən istifadə etməli, ölkələrimizin gələcəyinə daha nikbin baxmaq üçün şərait yaratmalıyıq. Lakin əvvəlcə bəzi rəqəmlərə nəzər salaq. Dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir, nə də hər hansı təlim proqramında iştirak edir. Üzv ölkələrimizdə bu göstərici iqtisadi inkişaf prosesindən kənarda qalan təxminən 150 milyon insan deməkdir. Onlar cəmiyyətə töhfə vermək imkanından məhrumdurlar və bu, ciddi narahatlıq doğurmalıdır", - deyə o qeyd edib.