Bu gün Qarabağda böyük layihələrimiz var - Belarus baş nazirinin müavini

17:12 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Belarus Azərbaycanla daha geniş sənaye əməkdaşlığına ümid edir.

ABC.AZ xəbər verir ki, bu barədə Belarus Baş nazirinin müavini Natalya Petkeviç Belarus-Azərbaycan biznes-forumunda bildirib.

"Ölkələrimizin iqtisadiyyatları bir-birini qarşılıqlı şəkildə tamamlayır. Biz Azərbaycanın ehtiyac duyduğu bir sıra məhsulları tədarük edirik. Bunlar ərzaq, ağac emalı, maşınqayırma, kimya sənayesi və əczaçılıq məhsullarıdır. Digər tərəfdən, biz Azərbaycandakı tərəfdaşlarımızdan məhsul alırıq. Bunlar təkcə dadlı meyvələr, qoz-fındıq, şərab, konyak və s. deyil, həm də polimer xammalı və digər məhsullardır", - o bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Belarusun traktor yığımı üzrə birgə istehsalı var, məhsul çeşidi genişlənəcək:

"Biz daha geniş sənaye kooperasiyasına ümid edirik. Bu gün Qarabağda böyük layihələrimiz var. Biz tam infrastruktura, kənd təsərrüfatı müəssisəsinə malik aqroşəhərcik layihələndirir, tikirik. Bu, bizim üçün həm də böyük şərəfdir. Biz Azərbaycanda Belarus şirkətlərinin iştirakı ilə istehsal sahələrinin yaradılması üçün müvafiq töhfə verməyə hazırıq. Əminəm ki, hazırkı biznes-forum əməkdaşlığımızın genişləndirilməsi və dərinləşdirilməsi yolunda daha bir addım olacaq".