Bu ölkə SOCAR-la tərəfdaşlığı genişləndirmək istəyir

15:35 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Almaniya Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji tərəfdaşlığı genişləndirmək istəyir.

ABC.AZ xəbər verir ki, bunu Almaniyanın VNG AG şirkətinin İdarə Heyətinin sədri Ulf Haytmüller Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq qısa müddətdə sürətlə inkişaf edib: "SOCAR-la münasibətləri gözlədiyimizdən daha sürətlə qurmuşuq. Qarşıda daha çox əməkdaşlıq imkanları var. SOCAR-la həqiqi strateji tərəfdaşlıq qurmaq niyyətindəyik və hesab edirəm ki, bu proses hələ yeni başlayır. Uzunmüddətli strateji əməkdaşlıq enerji bazarlarında qeyri-müəyyənliklərin azaldılmasına kömək edir".

O əlavə edib ki, Almaniya enerji təhlükəsizliyini gücləndirmək məqsədilə qaz təchizatı mənbələrinin şaxələndirilməsini davam etdirir: "Qaz təchizatında müxtəlif mənbələrin mövcudluğu enerji sisteminin dayanıqlığını artırır. Azərbaycan üçün tələbat bazarlarını şaxələndirmək nə qədər vacibdirsə, bizim üçün də təchizat mənbələrini şaxələndirmək bir o qədər önəmlidir. Bu, enerji sistemini daha dayanıqlı edir. Almaniya bazarı uzunmüddətli perspektivdə təbii qaza ehtiyac duyacaq və ölkə etibarlı təchizatçılarla əməkdaşlığı davam etdirəcək".

©Report