Çinlə əlaqələrinə görə ABŞ-da "Mercedes-Benz" avtomobilləri qadağan edilə bilər

14:52 - 1.06.2026


1 iyun, Fineko/abc.az. ABŞ Konqresində "Mercedes-Benz" avtomobillərinin Amerika bazarında satışını, idxalını və istehsalını tamamilə bloklaya biləcək yeni qanun layihəsinə baxılır.

ABC.AZ xəbər verir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, qanunvericilik təşəbbüsü "düşmən ölkələrin" hökumətləri ilə əlaqəsi olan şirkətlərin ABŞ-dakı kommersiya fəaliyyətinə sərt qadağa qoyulmasını nəzərdə tutur.

Almaniyanın premium brendi, səhmlərində Çin kapitalının böyük paya sahib olması səbəbindən risk altındadır:

•      BAIC: "Mercedes-Benz"in ən böyük səhmdarı, səhmlərin təxminən 10%-nə sahib olan Çinin dövlət korporasiyası "BAIC"-dir.

•      Li Şufu: Ana şirkət olan "Mercedes-Benz Group AG"-nin daha 9,69% səhmi isə çinli milyarder və "Geely" şirkətinin təsisçisi Li Şufuya məxsusdur.

Qanun layihəsi qəbul edilərsə, "Mercedes-Benz" konsernin kapitalında Çin dövlət strukturlarının və iş adamlarının iştirakına görə özünün ən böyük satış bazarlarından birini itirmək riski ilə üzləşəcək.