17:29 - 25.05.2026
25 may, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal avtomobil bazarında tarixi transformasiya proqnozlaşdırır. Agentliyin hesabatına görə, 2026-cı ildə dünyadakı ümumi avtomobillərin qlobal payının 30%-ə qədəri elektromobillərin payına düşəcək.
ABC.AZ BEA-ya istinadən xəbər verir ki, cari ildə dünyada elektromobil satışlarının 23 milyon ədədə qədər artacağı gözlənilir. Ötən il qlobal elektrikli nəqliyyat vasitələri bazarı 20% böyüyüb və bu, dünyada satılan hər dörd yeni avtomobildən birinin elektrikli olması deməkdir.
BEA-nın icraçı direktoru Fatih Birol mövzu ilə bağlı bildirib: "Ötən il təxminən 100 ölkədə elektromobil satışları yeni rekordlar qırdı. Elektromobillərin artan populyarlığı həm avtomobil bazarlarında, həm də ümumi enerji sistemində ciddi bir keçidin göstəricisidir. Bu tendensiya tarixin ən böyük neft böhranı fonunda qlobal enerji sisteminə müəyyən dərəcədə rahatlıq gətirir".
Hesabatda qeyd olunur ki, qlobal elektromobil bazarının əsas hərəkətverici qüvvəsi Çindir. Belə ki, dünyadakı ümumi elektromobil istehsalının təxminən 75%-i məhz Çinin payına düşür.