Sığorta şirkəti bağlandıqda müqavilələri olan müştərilərin hüquqları necə qorunur? - Açıqlama - Özəl xəbər

14:03 - 21.05.2026


21 may, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, bir müdət əvvəl "Atasığorta"bın lisensizası ləğv edilib. Şirkətin lisenziyası ləğv edildikdən sonra bir çox insanların beynində haqlı sual yarandı.  Əgər bir sığorta şirkəti bağlanarsa, yəni lisenziyası ləğv edilərsə bu zaman mövcud sığorta müqavilələri olan müştərilərin hüquqları necə qorunur? Bu sualla Azərbaycan Sığortaçılar Assosiasiyasına müraciət etdik.

Assosiasiyanın icraçı direktorunun müavini Turanə Axundova ABC.AZ-a bildirdi ki, sığorta şirkətinin lisenziyası ləğv olunarsa və ya şirkət fəaliyyətini dayandırarsa, bu halda müştərilərin hüquqları tamamilə itmir.

Onun sözlərinə görə, bu proses qanunvericilik və nəzarət orqanı tərəfindən müəyyən edilmiş mexanizmlərlə tənzimlənir:

"Azərbaycanda bu məsələlər əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən nəzarətdə saxlanılır. Adətən şirkətin yeni sığorta müqavilələri bağlaması dayandırılır. Mövcud müqavilələr üzrə öhdəliklərin taleyi isə ayrıca müəyyən edilir. Mənim sığorta sahəsindəki təcrübəmdə daha çox rast gəlinən praktika ondan ibarət olub ki, şirkət mövcud öhdəliklərini tam icra etdikdən sonra fəaliyyətini dayandırır və ya həmin portfel başqa sığorta şirkətinə ötürülür. Bununla yanaşı, bəzi xarici təcrübələrdə müqavilələrin vaxtından əvvəl ləğv edilməsi halları da mövcud olub".

T.Axundova bildirdi ki, əsas məqam  müştərilərin ödənilməmiş tələblərinin, yəni sığorta hadisələri üzrə ödənişlərin qanunvericiliyə uyğun qaydada qeydiyyata alınması və qarşılanmasından ibarətdir:

"Şirkətin aktivləri hesabına kreditor tələbləri ödənilir və sığortalılar adətən prioritet tərəflər hesab olunurlar. Məcburi sığorta növlərində isə əlavə qoruyucu mexanizmlər mövcuddur. Məsələn, bəzi hallarda İcbari Sığorta Bürosu prosesdə iştirak edə və müəyyən öhdəliklərin icrasına dəstək göstərə bilər. Bu, xüsusilə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası kimi məhsullarda daha böyük əhəmiyyət daşıyır".

Müəllif: Elmir Muradov