11:51 - 20.05.2026
20 may, Fineko/abc.az. Əvvəllər nağd şəkildə əməkhaqqı alan və sosial müdafiə sistemindən kənarda qalan şəxslər sonradan sosial sığorta sisteminə cəlb olunub.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Bu proses nəticəsində daxilolmalar artıb və həmin vəsaitlərin bir hissəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilib.
Nazir bildirib ki, aparılan fiskal islahatlar nəticəsində məşğulluğun leqallaşdırılmasından əldə olunan büdcə gəlirləri real ifadədə üç dəfədən çox artıb.
Mikayıl Cabbarov vurğulayıb ki, bu yanaşma həm icmaların dəstəyini qazanmağa, həm də sosial ehtiyacların maliyyələşdirilməsi üçün dayanıqlı mənbə yaratmağa imkan verib.