Metronun aprelin 21-də dayanmasına aydınlıq gətirildi

11:37 - 12.05.2026


12 may, Fineko/abc.az. 21 aprel “Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermiş, həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik.

ABC.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.

Vüsal Aslanov qeyd edib ki, Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb:

“Ümumiyyətlə, Bakı Metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub – istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür”.