17:28 - 8.04.2026
8 aprel, Fineko/abc.az. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ildə təxminən 1 500 ton bal istehsal olunur.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, bu il işğaldan azad edilmiş ərazilərə 200 000-dən çox arı ailəsinin köçürülməsi gözlənilir.
Bundan başqa, Assosiasiya sədri qeyd edib ki, hazırda daxili bazarda yerli balın payı 80 % təşkil edir:
"Qalan pay qiyməti nisbətən ucuz olan və bu baxımdan yerli istehsal üçün ciddi rəqib sayılan idxal balına məxsusdur. Bəzən isə xaricdən gətirilən bal siropu bazarda bal adı ilə satışa çıxarılır. Ümumilikdə yerli fermerlərin satışla bağlı çətinlikləri var. Azərbaycan xaricdən bal almaqla yanaşı həm də bu məhsulu az miqdarda körfəz ölkələrinə ixrac edir. İxrac həcminin artması üçün məhsulumuzun tanıdılmasına ehtiyac var. Bizim balımız adi bal deyil, "premium" kateqoriyalı məhsul kimi yüksək qiymətə satıla bilər".
Assosiasiya sədri arıçıları narahat edən məqamları da diqqətə çatdırıb: "Hazırda əsas problemlərimiz arı xəstəlikləri, ölkədə arıçılıq üzrə mütəxəssis və ixtisaslaşdırılmış arı xəstəlikləri laboratoriyasının olmamasıdır. Bundan əlavə, Özbəkistandan gətirilən arı ailələrinin gələcəkdə xəstəlik yaymaq riski var". ©Report
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026