İnternet bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələr kəskin artıb

10:39 - 17.03.2026


17 mart, Fineko/abc.az. 2025-ci il ərzində rəqəmsal bankçılıq xidmətlərindən istifadə göstəricilərində müsbət artım dinamikası müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir.

Qeyd edilib ki, 01.01.2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 21 bank, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur. 2025-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1 mlrd. 60 mln. ədəd, həcmi isə 507.4 mlrd. manat təşkil edib.

Aparılan köçürmələrin say üzrə 94.4%-i, həcm üzrə isə 82.5%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14.3% artaraq 73 mlrd. manat olub.