17:25 - 25.02.2026
25 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.
ABC.AZ xəbər verir ki, dövlət başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi.
Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb.
Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.
Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi.
Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.