"Azərqaz"la bağlı narazılıqlar artıb - Ekspert bunun səbəbini belə izah edir - Özəl xəbər

15:50 - 2.02.2026


2 fevral, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, son dövrlər "Azəriqaz" ətrafında narazılıqlar və xoşagəlməz hadisələr çoxalıb. Belə ki, bir müddət əvvəl Qəbələdə abonentə göndərilmiş məbləğ etirazla qarşılanıb.

Fevralın 1-də isə Nizami rayonu, Keşlə qəsəbəsində evə çağırılmış "Azəriqaz" işçisi ata və oğul tərəfindən döyülüb. Hadisəyə səbəb tərəflər arasında böyük məbləğdə yazılmış qaimə olub. Sadalanan faktlar onu göstərir ki, son zamanlar "Azərqaz"la bağlı narazılıqlar artıb.

Narazılıqların artmasına əsas səbəb kimi, smart sayğacların mexaniki ilə əvəzlənməsi və insanların qurumun böyük məbləğdə yazdığı qaimələrə inanmaması ilə əlaqədardır.

Sözügedən səbəbləri ekspert İlham Şaban da ABC.AZ-a açıqlamasında təsdiqlədi.

O dünyanın rəqəmsallaşmaya getdiyi bir dövrdə "Azəriqaz"ın siyasətini anlamadığını deyir:

"Sayğaclar məsələsi  insanları rahat edən bir məsələ olmadı. Çünki, əgər biz məntiqlə baxsaq, "Azəriqaz"ın 2,6 milyon abonenti var, onlar 99% keçməli idi smart-kart tipliyə. Nəyə görə? Çünki dünya rəqəmsallaşmaya gedir. Yəni əl əməyinin azaldılması yönümünə, kontaktın olmamasına çalışırlar. Haradasa bir narazılığın yaranması aradan qalxmalıdır. Mən əvvəlcədən 100% sənin ödənişini edirəm və bunun əvəzində səndən mal alıram. Sənin malın da o qazdır.

Necədir, necə deyil, verdin, vermədin- o artıq başqa şeydir. Əsas budur ki, sən mal satansan və ölkədə kütləvi istehlakçın var və onlar da səndən bunu almalıdır.

"Azəriqaz"ın smart kartları əvvəllər 1 milyonu keçmişdi, sayı 1 milyondan çox idi, smart-kartları tətbiq elədi və ondan sonra geri dönüş elədi adi mexaniki sayğaclara. İndi smart-kart tipli sayğaclar 800 mindən də azdır. Çünki, "Azəriqaz" ümumiyyətlə bir şeyi başa düşməlidir ki, bu Azərbaycanın milli şirkəti, dövlət şirkəti olan SOCAR-ın qurumudur. Və bu dövlətin, necə ki, vətəndaşları məmnun olmalıdırlar, bax o şirkətin adına da xələl gətirə biləcək hansısa addımlar atılmamalıdır. Çünki, "Azəriqaz" qədər ikinci bir qurum yoxdur ki, onun əhali ilə kütləvi kontaktı olsun". Ekspert "Azəriqaz"la bağlı narazılığın tək sayğaclarla bağlı olmadığını iddia edir" "Çox təəssüf ki, 2024-cü ilin oktyabr ayından bu günədək "Azəriqaz"ın saytında "filan yerdə qaz müvəqqəti kəsiləcək" xəbərindən başqa məlumat yoxdur. Bir sual etmək lazımdır ki, və sorğu da göndərin onlara ki, bəs siz nə proqramı həyata keçirirsiniz? Nə baş verib ölkədə? Ancaq, filan yerdə təmirdir, qaz olmayacaq. Özü də qış vaxtı kəsirlər, yay vaxtı heç bir fasilə yoxdur".

Müəllif: Elmir Muradov