10:40 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bir neçə gündür mətbuatda Dövlət Turizm Agentliyinin xarici bloggerlərin Azərbaycana səfərini təşkil etmək üçün böyük məbləğdə pul xərcləyəcəyi məlumatı yayılıb.
Sözügedən məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, onlar Agentliyi pulları mənasız yerə xərcləməkdə ittiham edərək bunun turizm üçün heç bir effektinin olmayacağını qeyd ediblər.
Sosial şəbəkə istifadəçilərindən fərqli olaraq turizm üzrə ekspert Ceyhun Aşurov belə düşünmür.
Məsələyə münasibət bildirən ekspert ABC.AZ-a söyləyib ki, Dövlət Turizm Agentliyi hazırda Azərbaycanın turizm siyasətini həyata keçirən əsas orqandır və bunu koordinasiya eləyən bir təşkilatdır.
Onun fikrincə, Azərbaycana turistlərin gəlməsi üçün ölkənin imicinin formalaşmasında və dövlətimizin tanıdılmasında əsas oyunçulardan biridir:
"Bu mənada, əlbəttə ki, xarici ölkələrdə- Çin, Rusiya, Türkiyənin özündə, İsraildə- turizm nümayəndəliklərinin açılması, ölkənin turizm potensialının tanıdılması, əlbəttə ki, müəyyən xərclər tələb eləyir. Əsas hədəf bazarlarından ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif təbliğat, tanışlıq işləri aparılır, əlaqələr qurulur və bütün bunlar da, əlbəttə ki, müəyyən xərcləmələrlə başa gəlir. İndi bu xərcləmələr nə qədər effektivdir, necə səmərəlidir, bunu biz ölçə bilmərik. Amma, dünyanın hər yerində bəlli bir məhsulu tanıtmaq üçün müəyyən xərclər, reklam xərcləri və sair olur və bunun effektivliyi dərhal görünməyə də bilər". Ekspert qeyd edir ki, son zamanlar bloggerlərin bu işə cəlb edilməsi artıq trendə çevrilib: "Xüsusən də son dövrlər, ölkənin tanıdılması üçün youtuberlərin, məşhur insanların regionlara səfərə dəvət edilməsi, onların çəkilişlər aparması daha çox trendə çevrilib. Və bu kimi trendlərdə həmin məşhur şəxslər, sosial şəbəkələrdə öz auditoriyalarına getdikləri yerləri, gəzdikləri yerlər barədə ciddi bir təsəvvür formalaşdırırlar. Son dövrlər demək lazımdır ki, bu çox effektivdir. Dünyada bu cür insanların öz izləyicilərinə canlı olaraq hansısa bir formada ərazini çəkməsi, göstərməsi, ordakı adət-ənənələrlə, yaşadığı yeri, ordakı qidalanmanı, restoranı, hər şeyi real şəraitdə çəkib göstərməsi tamaşaçılar üçün kifayət qədər maraq kəsb eləyir. Bu mənada, bu çəkilən xərclərin effektivliyi yəqin ki, qarşıdan gələn illərdə özünü göstərə bilər".
Müəllif: Elmir Muradov
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026