Qazaxıstanın xalis beynəlxalq ehtiyatları 63,4 mlrd dolları ötüb

10:49 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. 2025-ci ilin yekunlarına görə Qazaxıstanın xalis beynəlxalq ehtiyatları 63,4 mlrd dollar təşkil edib. İl ərzində bu göstərici 20 mlrd dollar və ya 46% artıb.

ABC.AZ xəbər verir ki, Qazaxıstan Respublikasının xalis beynəlxalq ehtiyatları sərbəst konvertasiya olunan valyutada aktivlərdən və monetar qızıldan ibarətdir.

Ehtiyatların artımı demək olar ki, tam şəkildə monetar qızıl hesabına təmin olunub.

Belə ki, monetar qızıl ehtiyatları bir il ərzində 47,2 mlrd dollara çataraq 98% və ya 23,4 mlrd dollar artıb.

Qızıl-valyuta ehtiyatlarının (QVE) həcmi 63 mlrd dollar, Milli Fondun aktivləri isə 77 mlrd dollar təşkil edib.

Nəticədə, Qazaxıstanın ümumi ehtiyatları 140 mlrd dolları ötüb.