Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılır

12:28 - 18.12.2025


18 dekabr, Fineko/abc.az. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq.

ABC.AZ xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”.