Bir jurnalistin Azərbaycan turizminin regionda brendə çevrilməsi arzusu

16:57 - 4.08.2025


4 avqust, Fineko/abc.az. Həmişə Türkiyədəki, Gürcüstandakı və digər ölkələrin turizm sektorundakı xidmətə həsəd aparmışıq.

İctimai yerdə, müəyyən məclislərdə daim başqa ölkələrdən misal çəkmişik, Azərbaycanın turizmindəki xidmətlə bağlı danışılanda isə təəssüflə başımızı yellər, bu barədə uzun-uzadı nəsə ifadə etməyə utanmışıq. Xaricdəki xidmət sektoru ilə Azərbaycandakını müqayisə etmək belə istəməmişik, edənləri də dinləmədən keçmişik.

Təbii ki, bütün bunlar illər əvvəl xidmət sektorunun zəifliyindən, hətta kobud desək, bərbadlığından irəli gəlib.

Amma, artıq Azərbaycanın turizm sektorundakı xidmətlə bağlı ürəkdən, fəxrlə danışmaq olar. Bunu sizə tam əminliklə deyə bilərəm. Bu yaxınlarda Şahdağdakı məşhur otellərin birində olanda da, bir daha bunun əyani şahidi oldum. Otelin bütün əməkdaşları o qədər çox səliqəli, mədəni idilər ki, açığını deyim, arada elə bilirdim Azərbaycanda yox, Türkiyədəyəm. İşçilər mənim ölkəmizdəki otelçiliklə bağlı fikirlərimi, demək olar ki, yaxşı mənada dəyişdilər. Hətta, xidmət o qədər çox xoşuma gəlmişdi ki, 2 gün planlaşdırdığımız halda, 1 gün də əlavə qalmaq qərarı verdik. Əlbəttə, bunlar sevindirici haldır, həmçinin ölkə turizmində xidmətin beynəlxalq arenada tanınmasına gətirib çıxaran amillərdəndir. Təbii ki, bütün otellərdə vəziyyət belə deyil, xidmətin zəif, axsadığı yerlər, bölgələr də var.

Amma, otellər çoxaldıqca, oradakı xidmətlərin keyfiyyəti yüksəldikcə, onlar arasında rəqabət də artmış olur. Bu isə xidmətin yüksəlməsinə, otelçilik ənənəsinin yaranmasına gətirib çıxaracaq amillərdir. Burada isə otel işlədənlərin, turizm sektorunda fəaliyyət göstərənlərin üzərinə böyük iş düşür.

Ona görə də ölkəmizin otelçilik, turizm sektorunda brendə çevrilməsində bu sahədə çalışanların üzərinə ciddi fədakarlıq düşür. Arzu edirəm ki, sadaladıqlarımı ən qısa zamanda ölkəmizdə görə bilək, Şahdağdakı tanınmış oteldən fəxrlə danışdığımız kimi, bütün ölkəmizin turizmçilik ənənəsindən ağız dolusu söhbət edək, qürurla başqa ölkələrdən turistləri qarşılayaq, Azərbaycanın xidmət sektorunu regionda brendə çevirək.

Müəllif: Elmir Murad