17:25 - 24.07.2025
24 iyul, Fineko/abc.az. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə evlərin kreditlə satılmasını asanlaşdırıb.
ABC.AZ xəbər verir ki, bu prezident İlham Əliyevin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanında nəzərdə tutulur.
Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsində iki istiqamətdə asanlaşma baş verib.
Birinci dəyişiklik - ipoteka krediti götürərkən müştəri tərəfindən ödənilən ilkin ödənişin məbləği azaldılıb. Belə ki, indiyüədək adi ipoteka krediti götürəndə ilkin ödəniş azı 15 faiz olmalı idisə, indi bu məbləğ 10%-ə endirilib. Yəni Qarabağda tikilmiş evləri ipoteka krediti ilə alanda ilkin ödəniş 10% də ola bilər.
Bu yenilik imkan verir ki, Qarabağda daha az ödənişlə məzil əldə edilsin.
İkinci yenilik – ipoteka krediti götürən müştərinin maaşına və gəlirlərinə tələbin yumşaldılmasıdır. Qaydalara görə, indiyədək ipoteka krediti üzrə aylıq ödəniş müştərinin bütün gəlirlərinin 70%-dən artıq olmamalı idi. İndi isə dəyişikliyə görə, Qarabağda ipoteka krediti ilə mənzil alanda müştərinin aylıq ödənişi onun aylıq gəlirlərinin 75%-ə qədər ola bilər.