Bu uşaqlar üçün verilən müavinət 140 manata çatdırıldı

10:24 - 1.07.2025


1 iyul, Fineko/abc.az. Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşağlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırıldı.

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, Qanunvericiliyə əsasən, bu müavinət beşdən çox uşaqı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur:

“Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir”.