Ukrayna və ABŞ təbii ehtiyatlarla bağlı saziş imzalamağa hazırlaşır

18:32 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Bloomberg agentliyinin məlumatına görə, Ukrayna ABŞ ilə təbii ehtiyatlar sahəsində əməkdaşlığa dair saziş imzalamağa hazırlaşır.

İqtisadi tərəfdaşlığı gücləndirmək məqsədi daşıyan sənəd artıq yekunlaşdırılıb və bu həftənin çərşənbə günü Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko tərəfindən Vaşinqtonda imzalanması gözlənilir.

Saziş çərçivəsində Ukrayna və ABŞ ölkədə hasilat sənayesi, enerji və müvafiq texnologiyalara sərmayələrin artırılması üçün birgə investisiya fondu yaradacaqlar. Vaşinqton bu prosesin Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı planlarına zidd olmamasını qəbul edib.
Bloomberg-in məlumatına görə, razılaşdırılmış daha bir mühüm detal ondan ibarətdir ki, ABŞ fonda yalnız saziş imzalandıqdan sonra təqdim ediləcək hərbi yardımı öz töhfəsi kimi nəzərə alacaq.