Azərbaycan Çindən yeni lokomotivlər alır

16:00 - 29.04.2025


29 aprel, Fineko/abc.az. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.

ADY-dən ABC.AZ-a bildirilib ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon dollar təşkil edir.

Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir. Lokomotivlərin xüsusən “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.

Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.