Bəzi publik hüquqi şəxslər büdcə pullarını banklara depozit kimi yerləşdiribmiş

11:30 - 15.04.2025


15 aprel, Fineko/abc.az. 2024-cü ilin iş planına uyğun keçirilmiş 34 auditdə büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanlar aşkar edilib.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.

Palata qeyd edib ki, audit nəticələri qurumlar tərəfindən proqnozlaşdırma işinə lazımi diqqətin ayrılmadığını, o cümlədən dövlət vəsaitinə tələbatın düzgün müəyyənləşdirilmədiyini və nəticədə tələbatın il ərzində dəfələrlə dəyişdirildiyini, vahid büdcə təsnifatının (büdcə uçotunun) tələblərinə əməl olunmadığını, büdcə vəsaitinin bank hesablarında istifadəsiz qalaraq təyinatı bəlli olan qalıq vəsaitlərin dövlət büdcəsinə ümumiyyətlə və ya vaxtında qaytarılmadığını göstərib.

Auditlərlə müəyyən olunub ki, bəzi publik hüquqi şəxslərdə dövlət sifarişinin mahiyyətini müəyyənləşdirən tələblər doğru müəyyən edilməyib, illik tələbatın düzgün müəyyənləşdirilməməsi nəticəsində büdcə vəsaiti müxtəlif şərtlərlə banklara depozitə yerləşdirilib.