15:35 - 14.04.2025
14 aprel, Fineko/abc.az. Çinin “Roewe D6” elektromobili yanacaq səmərəliliyi üzrə rekorda imza atıb.
ABC.AZ xəbər verir ki, Çin bazarına daxil olmağa hazırlaşan yeni modelin nailiyyəti artıq “Ginnesin Rekordlar Kitabı”na düşüb. Elektriklə işləyən avtomobil Tsinxay-Tibet yolu ilə hərəkət edərək 100 kilometr məsafəyə cəmi 9,125 kilovat-saat elektrik enerjisi sərf edib.
Çinin Tibet Muxtar Bölgəsindəki Lhasa şəhərindən başlayan və Tsinxay əyalətinin Sinin şəhərində bitən sınaq səyahəti beş gün davam edib. Dəniz səviyyəsindən dörd min kilometr yüksəklikdə baş tutan marşrut asan olmayıb. O, 5231 metr hündürlükdəki Tanqula aşırımından və Kunlun dağından keçib, qar fırtınasına düşüb və 12 dərəcə şaxta ilə üzləşib.
“Roewe D6” modeli standart 129 at gücünə malik tək elektrik mühərriki ilə təchiz olunub. 42,8 kilovat-saatlıq akkumulyator tutumu elektromobilə 450 kilometr məsafəni qət etməyə imkan verir. Modelin 143 at gücündə elektrik mühərriki ilə təchiz olunan və 520 kilometr məsafə qət edə bilən 53,9 kilovatlıq akkumulyatorlu “böyük” versiyası da mövcuddur.