Qazla bağlı gələcək planlarımız coğrafiyanı genişləndirməkdir - İlham Əliyev

10:11 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (Prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz Bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Beləliklə, bunun üzərində işləməyə başladıq. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə qazımızı nəql etmək imkanlarını araşdırmağa başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir.

Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür.