11:03 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə fond bazarındakı yüksəlişlə rekord həddə - 168,8 trilyon dollara çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul-sentyabr ayları üzrə “ABŞ-ın Maliyyə Hesabları” hesabatındı yazı dərc edilib. Hesabatda qeyd edilib ki, bu ilin üçüncü rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 168,8 trilyon dollar olaraq qeydə alınıb.
Bu dövrdə rekord səviyyəyə çatan ailələrin sərvəti əvvəlki rüblə müqayisədə 2,9 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 11,4 faiz artıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 161,2 trilyon dollar, ikinci rübdə isə 164 trilyon dollar olaraq hesablanıb.
İlin üçüncü rübündə amerikalıların səhm aktivlərinin dəyəri 2,8 trilyon dollar artıb, daşınmaz əmlaklarının dəyəri isə 200 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcu üçüncü rübdə 3 faiz artıb. Sözügedən dövrdə istehlak kreditləri 2,5 faiz, ipoteka (mənzil krediti) borcu isə 3,1 faiz artıb.