14:15 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Hər fəslin öz gözəlliyi var. Heç vaxtı fəsilləri yaxşıya, pisə bölməmişəm. Hə, ola bilər ki, bir fəsli digərindən cüzi çox sevə bilərəm. Amma, fəsillər ayrı-ayrılıqda mənim üçün maraqlıdır. Məsələn, yazda ağacların çiçək açmasını müşahidə etməyi xoşlayıramsa, payızda ağacların saralmış yarpaqlarının yerə tökülməsini, qışda göydən ağappaq qarın yağmasını seyr etməyi, yayda dəniz sahilində gəzməyi, şalvarımı dizlərimə qədər çirmələyib çay kənarında dincəlməyi sevmişəm. Amma, təəssüf ki, son dövrlər bəzi qurumların fəaliyyətsizliyi bu sevgimizin qismən azalmasına səbəb olub. Qış gələndə evlərimiz soyuqdan buz bağlayacaq, uşaqlarımız xəstələnəcək qorxusu bizi o qədər düşündürür ki, hərdən heç qışın gəlməsini də istəmirik. Ən pisi də odur ki, aidiyyatı qurumlar efirdə, mətbuatda yalan-palan açıqlamalar verərək cəmiyyəti aldatmağa çalışır. Sonuncu cümləni əbəs yerə yazmadım. Noyabrın 15-ə qədər azı 3 telekanalda "Azəristiliktəchizat" rəsmiləri bütün qazanxanalarında işlərin yüksək səviyyədə qurulduğunu, bu mövsüm mənzillərdə istilik problemi olmayacağını açıqlamışdılar.
Bu gün ayın 18-i olmasına baxmayaraq, Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanındakı mənzillərdə hələ də istilik yoxdu. Hətta bununla bağlı "Azəristiliktəchizat"-a xəbər də verilib, buna baxmayaraq nə istilik var, nə də aidiyyatı qurumdan ünvana gəlib hər hansı tədbir görən. Bütün bunlardan sonra belə başa düşürəm ki, "Azəristiliktəchizat" başsız qurumdu, idarəçilik sıfırdı, əks halda adıçəkilən ünvanın sakinləri 3 gün istiliksiz qalmazdı. Yadıma gəlir bir neçə ay əvvəl qurumdan gəlib yeni müqavilə imzalatdırmaq istəyəndə elə vədlər vermişdilər ki, düşünürdüm yəqin bundan sonra istilikdən evdə nazik paltarla oturarıq. Amma, yenə də "Azəristiliktəchizat" bizi təəccübləndirə bilmədi, öz ənənlərinə sadiq qaldılar.
Eybi yox, hər qaranlıq gecənin bir işıqlığı olur. Yəqin, "Azəristiliktəchizat"dakı hazırki qaranlıq məqamlara da aydınlıq gələr, B.Nuriyev 40 ünvanındakı mənzillər də isinər. Axı biz səbrli xalqıq, o günü gözləyərik. Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026