10:37 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Sabirabadın nar bağlarında bu il bol məhsul yetişib. Təsərrüfatçılar hər ağacdan 30-50 kiloqram məhsul yığmağı planlaşdırırlar. Bağlarda əsasən yerli iqlimə uyğun olan “Öküzburnu” narları becərilir.
Sabirabad rayonunda bir neçə kənddə nar bağları mövcuddur. Onların bir hissəsi Əsgərbəyli kəndindədir. Burada narçılıqla məşğul olan təcrübəli təsərrüfatçılar var və artıq bu işin sirlərinə yiyələniblər.
ABC.AZ xəbər verir ki, bağlarında bol məhsul yetişdirən bağbanlar məhsul yığımına başlayıblar. Onlardan biri də Nahid Soltanzadədir.
O, uzun illərdir nar bağlarından qazanc əldə edir və bu sahənin gəlirli olduğunu deyir:
“Nar bağı 2010-cu ildə salınıb, sahəsi 1 hektardır. Əsasən “Öküzburnu” əkilib. Çünki bu sort nar satışı üçün daha əlverişlidir. Ötən il məhsul az olsa da, bu il ağaclar yaxşı nar gətirib. Bağda 700 ağac var, hər ağac 30-50 kiloqram məhsul vermək gücündədir. İlk yığım sentyabr ayında başlayır və noyabra qədər davam edir”.
Nar satışından da danışan fermer bildirir ki, hazırda məhsul pərakəndə formada əsasən yerli bazara çıxarılır.
“Əvvəllər məhsulu daha çox Rusiya bazarına göndərirdik, həmçinin yerli bazarda da satırdıq. 2019-cu ildən sonra pandemiyaya görə xarici bazara çıxarmaqda çətinliklə üzləşdik və satışımız azaldı. Hazırda məhsulu daxili bazara kiloqramı 1-2 manat arasında satırıq. İstərdik ki, Avropa bazarına çıxış əldə edək”.
Sabirabad rayonunun Qasımbəyli kənd sakini Mirbağır Həşimzadənin isə 3 hektar nar bağı var. Onun təsərrüfatının əsas hissəsini 10 illik ağaclar təşkil edir. Ümumilikdə bağda 2 minə yaxın ağac var.
“Adətən, nar bağları bir il daha çox məhsul verir, növbəti il isə nisbətən az olur. Son illərdə ən çox məhsulu 2021-ci ildə götürmüşəm və 40 ton nar tədarük etmişəm. Bu il də məhsul boldur, təxminən 35 ton nar götürəcəyimizi gözləyirəm. Bu il məhsuldarlıq yaxşıdır, lakin qiymət sərfəli deyil. Hazırda məhsulu yerli bazara çıxarırıq. Əvvəlki illərdə məhsulu Rusiyaya göndərirdik, satışımız da yaxşı olardı”, – deyə Mirbağır Həşimzadə bildirir.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026